İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Naxçıvan Muxtar Respublikasının (MR) ayrı-ayrı dövlət qurumlarında işləyən 200-ə yaxın dövlət qulluqçusu üçün onlayn qaydada seminar keçib.
Fins.az xəbər verir ki, V.Qasımlı monitorinq və qiymətləndirilməsi İİTKM-ə həvalə olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və bu Proqramın rəqəmsal idarəolunması barədə seminar iştirakçılarına məlumat verib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin bu tapşırığının ən yüksək səviyyədə icra olunması üçün İİTKM tərəfindən 2023-2027-ci illər üzrə Naxçıvan Monitorinq Portalı yaradılıb: “Bu portal monitorinq və qiymətləndirmə fəaliyyətinin həyata keçirildiyi ən müasir platforma hesab olunur. Naxçıvan ilə bağlı Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi də onlayn qaydada məhz bu portal üzərindən həyata keçiriləcək”. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinə cari ilin sonunda başlanacağını qeyd edən V.Qasımlı bu prosesin necə icra olunacağı ilə bağlı da məlumat verib.
Seminar çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Bu qəbildən növbəti görüşün canlı ünsiyyət formatında təşkil olunacağı qeyd edilib.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin əsas icraçısı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır. Seminar da bu çərçivədə baş tutub.
Məhəbbət Məmmədov
Fins.az