RƏSMİ

31 Oktyabr

Azərbaycan və Rusiyanın Gömrük Komitələri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Komitəsi əməkdaşlıq haqqında saziş imzalayıb.

Fins.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda Rusiya Federal Gömrük Komitəsi altı ölkə ilə gömrük işi sahəsində səkkiz saziş imzalayıb.

"Bu gün səhər gömrük işi sahəsində səkkiz beynəlxalq saziş, protokol və əməkdaşlıq haqqında saziş imzalamışıq", - Rusiya Federal Gömrük Komitəsinin rəhbəri vəziyyətini müvəqqəti icra edən Ruslan Davıdov deyib.

Qeyd olunub ki, bu ölkələr Azərbaycan, Belarus, Braziliya, Hindistan, İran və Özbəkistandır.

Bundan başqa, Beynəlxalq Gömrük Forumunda Ruslan Davıdov və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov "sadələşdirilmiş gömrük dəhlizi" layihəsinin icrasını, səlahiyyətli iqtisadi operatorun qarşılıqlı tanınmasını müzakirə ediblər.

Qeyd edək ki, bu yaxında Ruslan Davıdov Rusiya hökumətinin Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradacağını deyib. O bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.