RƏSMİ

26 Oktyabr

Vüsal Qasımlı Latviyanın Fiskal İntizam Şurasının sədri ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisadi elmlər doktoru, professor Vüsal Qasımlı Latviya Universitetinin Tədqiqat İnstitutunun direktoru və Fiskal İntizam Şurasının sədri, professor İnna Şteinbukanı qəbul edib. 

Fins.az xəbər verir ki, V.Qasımlı İİTKM-in fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, eləcə də yaradılan monitorinq və qiymətləndirmə institutu barədə məlumat verib. O, həmçinin Azərbaycanda fiskal sahədə həyata keçirilən islahatlar, o cümlədən, ölkədə nəticəəsaslı və səmərəli idarəetmə konsepsiyasının tətbiqi məsələləri barədə məlumat verdi. İcraçı direktor həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa, operativ və effektiv təmini məqsədilə yaradılmış portallar barədə ətraflı məlumat təqdim edib. O bildirib ki, bu portallar çoxfunksiyalı və interaktiv formada fəaliyyət göstərir. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə müvafiq tədbirlərin icrası ilə bağlı yaradılmış bu hesabatlılıq mexanizmi özündə real vaxt rejimində müxtəlif analitik təhlillər aparmağa və qərarlar qəbul etməyə imkan verən və dövlət səviyyəsində yaradılmış qlobal miqyasda nadir nümunələrdəndir.

Latviya Universitetinin Tədqiqat İnstitutunun direktoru İnna Şteinbuka görüşdə təqdim olunan məlumatlardan məmnunluq ifadə edib. O bildirib ki, qurumlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirmək üçün yaxşı imkanlar mövcuddur. O, həmçinin, rəhbərlik etdiyi qurumun Latviyada fiskal intizamın möhkəmləndirilməsi istiqamətində fəaliyyətləri barədə məlumat verdi.

Qonaq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olub.

Günel Məlikzadə
Fins.az