RƏSMİ

24 Oktyabr

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək.

Fins.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, enerji istehlakçıları istehlak edilən enerjinin sərfiyyatını sayğacların göstəriciləri əsasında ödəyirlər.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Enerji istehlakçısı istehlak etdiyi enerjiyə dair ətraflı məlumat almaq hüququna malikdir. Enerji təchizatçısı tərəfindən enerji istehlakçısına təqdim edilməli olan məlumatın məzmunu tənzimləyici tərəfindən müəyyən edilir.

Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazlar texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğun olmalı və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmalıdır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.