Azərbaycanda enerji təhlükəsizliyinin təmin edilməsi vasitələri müəyyən edilir.
Fins.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, ölkənin enerji təhlükəsizliyi aşağıdakı vasitələrlə təmin edilir:
- enerji mənbəyi olan təbii ehtiyat yataqlarının işlənilməsi və hasilatının, enerji istehsalının və saxlanmasının, idxalı və ixracı üzrə öhdəliklərin ölkənin perspektiv inkişaf planları və proqnozlaşdırılan enerji tələbatı ilə uzlaşdırılması;
- bərpa olunan enerji mənbələri hesabına enerji istehsalının genişləndirilməsi;
- enerji ehtiyatlarının yaradılması və enerji təhlükəsizliyini təmin etmək üçün tələb olunan səviyyədə saxlanılması;
- enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və enerji effektivliyinin artırılması.
- Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ölkədə müxtəlif enerji və yanacaq növlərinə tələbata, eləcə də enerji istehsalına dair qısamüddətli və uzunmüddətli proqnozlara əsaslanan enerji balansına uyğun olaraq həmin proqnozlar əsasında enerji müstəqilliyinin təmin edilməsi üçün tədbirlər görür.
Qeyd edək ki, Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.