Energetika subyektinin təqsiri səbəbindən ətraf mühitə və üçüncü şəxslərə vurulmuş zərərin aradan qaldırılması qaydası müəyyən edilir.
Fins.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, energetika subyektinin təqsiri üzündən ətraf mühitə dəymiş zərər həmin zərəri vuran energetika subyekti tərəfindən aradan qaldırılır və ya ətraf mühitə dəymiş zərərin əvəzi tam olaraq ödənilir.
Energetika subyektinin təqsiri səbəbindən üçüncü şəxslərin həyat və sağlamlığına və əmlakına dəymiş zərərin əvəzi həmin zərəri vuran energetika subyekti tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş həcmdə və qaydada ödənilir.
Energetika obyektlərinin istismarı, o cümlədən, müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.