Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı ilə müəyyən edilmiş və 2023-cü il iyunun 1-dək tikilən qeyri-yaşayış sahələrinin sahiblərinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mülkiyyət sənədlərinin təqdim olunmasına başlanılıb. Bu, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına əlavə imkanlar açır.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının digər sferalarında olduğu kimi, tikinti sahəsində də biznes mühitinin əlverişliliyinin davamlı olaraq artırılması, tikinti sektorunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, mühüm qərarlar qəbul olunur.
Bu baxımdan, dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı xüsusi önəm kəsb edir. Bu mühüm qərar biznesin böyük gözləntisinə cavab verməklə yanaşı, mülkiyyət hüquqlarının yaranması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daşınmaz əmlak bazarının canlanması üçün əlavə stimul verir. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə etmək imkanı qazanırlar.
Fərman həmçinin, qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin yüksəldilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Hazırda aidiyyəti dövlət qurumları ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də Fərmanın icrası istiqamətində işlər davam etdirilir.
Artıq mülkiyyət sənədlərinin verilməsinə başlanılıb.
Qeyd: Fərman tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.
Günel Məlikzadə
Fins.az