Aviasiya hadisələri və insidentlər aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən araşdırılacaq.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hər bir aviasiya hadisəsi və ya insidentinin başvermə səbəbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən araşdırılır.
Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasının əsas məqsədi bu hadisələrin və insidentlərin başvermə səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsidir.
Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması təqsirli şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi məqsədi daşımır.
Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
Daimi komissiyanın tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Daimi komissiyanın nümayəndələrinin araşdırma zamanı heç bir məhdudiyyət qoyulmadan hadisə yerinə baxış keçirmək məqsədilə daxil olması və istənilən material, habelə sübutlara, o cümlədən uçuş əməliyyatı və hava hərəkəti xidmətinə dair qeydlərə əlçatanlığı təmin edilir və araşdırma aparan digər orqan və şəxslər tərəfindən buna hər hansı maneə yaradılmır.
Azərbaycan Respublikasının ərazisində baş vermiş aviasiya hadisələri və insidentləri barədə məlumatın aidiyyəti üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda araşdırılmır.
Aviasiya hadisəsini və ya insidentini araşdırmaq üçün daimi komissiya və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli nümayəndələri hadisə yerinə gələnədək hava gəmisinin elementlərinin qorunması təmin edilir.
Daimi komissiyanın və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə yol verilmir.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində digər dövlətə mənsub hava gəmisi aviasiya hadisəsinə və ya insidentinə məruz qaldıqda, araşdırma prosesində maraqlı tərəflərin səlahiyyətli nümayəndələri, o cümlədən həmin hava gəmisinin dizayn dövlətinin, istehsalçı dövlətin, istismarçı dövlətin və qeydiyyata alındığı dövlətin səlahiyyətli şəxsləri iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasına mənsub hava gəmisi digər dövlətin ərazisində aviasiya hadisəsinə və ya insidentinə məruz qalarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin aviasiya hadisəsinin və ya insidentinin araşdırılmasında Azərbaycan Respublikasının nümayəndələrinin iştirakının təmin edilməsi üçün aviasiya hadisəsinin baş verdiyi dövlətin müvafiq orqanına müraciət edir.
Daimi komissiya və aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılmasına maraqlı tərəflərin səlahiyyətli nümayəndələri müvafiq araşdırmaya mütəxəssisləri (o cümlədən xarici ekspertləri) cəlb etmək, araşdırmada əhəmiyyəti olan sənədləri (məlumatları) əldə etmək, habelə əsasnaməsi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdir.
Daimi komissiya digər dövlətin aidiyyəti orqanlarına yardım üçün müraciət edə bilər.
Daimi komissiya öz fəaliyyətində müstəqildir və dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq qurumlarının onun fəaliyyətinə, o cümlədən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması və araşdırmanın nəticələrinə dair hesabatın tərtib edilməsinə müdaxiləsi qadağandır.
Uçuşların təhlükəsizliyinin təmin olunmasında mövcud və ya potensial nöqsanlar barədə məlumatların toplanmasını asanlaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aviasiya hadisələri barədə məcburi və könüllü verilməli olan məlumatların vahid sistemini yaradır.
Mülki aviasiyada uçuşların təhlükəsizliyinə dair məlumatların toplanılması və işlənilməsi sistemlərində məlumatın qorunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
Layihəyə əsasən, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya araşdırmanın nəticələri barədə hesabat hazırlayır və həmin hesabatı dərc edir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim edilmiş hesabatın nəticələrinə uyğun olaraq tədbirlər görür.
Araşdırmaya dair hesabatın layihəsinin və ya onun hər hansı hissəsinin, habelə araşdırma zamanı əldə olunan sənədlərin əldə edilməsinə və ya yayılmasına daimi komissiyanın razılığı ilə yol verilir.
Həmçinin, layihəyə əsasən, Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya kömək göstərmək məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) və bələdiyyələr fəaliyyət istiqamətlərinə uyğun olaraq daimi komissiyanın müraciəti əsasında aşağıdakıları yerinə yetirirməlidirlər:
-. qüvvə və vasitələrin, müvafiq geyimin, təbii müdafiə vasitələrinin, nəqliyyat və rabitə vasitələrinin, lazımi ləvazimatın və materialların təminatı;
-. zərərçəkmiş şəxslər üçün yaşayış yeri və qida ilə təminat;
-. aviasiya hadisəsinin baş verdiyi ərazinin mühafizəsinin təşkili;
-. aviasiya hadisəsinin baş verdiyi yerdə iş aparmaq üçün təhlükəsiz şəraitin yaradılması;
-. zədələnmiş aviasiya texnikasının nəqlinin təmin olunması.
Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.