İcazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə hava əlaqələrinin yerinə yetirilməsi üçün verilən icazələr ləğv ediləcək.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini həyata keçirmək üçün verilən icazələr aşağıdakı hallarda ləğv edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır:
-. icazənin sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
-. icazənin müddəti bitdikdə;
-. icazənin sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə;
-. icazənin sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;
-. məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı olduqda;
-. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
-. icazənin müəyyən edilmiş şərtləri onun sahibi tərəfindən pozulduqda və ya yerinə yetirilmədikdə;
-. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müfəttiş yoxlamalarının nəticələrindən asılı olaraq müəyyən etdiyi müddətdə aşkar olunmuş nöqsanlar aradan qaldırılmadıqda;
-. istismarçı sertifikatının müddəti bitdikdə.
Layihə, həmçinin, müntəzəm və qeyri-müntəzəm hava əlaqələrinin həyata keçirilməsi şərtlərini də müəyyən edir.
İstismarçı sertifikatının sahibi müntəzəm və (və ya) qeyri-müntəzəm beynəlxalq və daxili hava əlaqələrini (reysləri) bu Qanunda nəzərdə tutulmuş icazə əsasında həyata keçirir.
Digər dövlətdə istismarçı sertifikatı almış istismarçı bu Qanunda nəzərdə tutulmuş icazə əsasında müntəzəm və qeyri-müntəzəm (çarter) hava əlaqələrini yerinə yetirmək hüququna malikdir. Müntəzəm hava əlaqələrinin həyata keçirilməsi zamanı icazə ilə yanaşı, hava əlaqələrinə tətbiq edilən şərtlər barədə yazılı göstərişlər verilir və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tariflər və hava əlaqələri planı təsdiq ediləcək.