RƏSMİ

23 Avqust

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

İstifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, səmərəliliyinin artırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Sahibkarlar elektron xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri almaq üçün müraciət edə bilərlər. O cümlədən, istifadəçilər “Lisenziyalar və icazələr” portalı vasitəsilə 23 fəaliyyət növü üzrə lisenziya və lisenziya əlavələrinin alınması, həmçinin yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər.

Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin ötən dövrü ərzində sahibkarlara portal vasitəsilə 774 elektron lisenziya verilib. Ümumilikdə “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyədək portal vasitəsilə 4086 elektron lisenziya verilib.