Debitor borcların həcmində artım müşahidə edilib, inzibati təsnifat üzrə siyahıda genişlənmə, iqtisadi təsnifat üzrə siyahıda isə daralma qeydə alınıb.
Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.
Qeyd edilib ki, bu iyulun 1-nə debitor borcların məbləği 3150,0 mln. manat təşkil edib, ilin əvvəlinə nisbətən 95,9 mln. manat və ya 3,1% artıb. Xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən layihələr, dövlət büdcəsindən digər büdcələrə ayırmalar üzrə yaranan borclar bu məbləğə daxil edilmir.
Dövlət büdcəsi xərclərinin iqtisadi təsnifatında maddə və yarımmaddələrdən 36-sı üzrə azalma, 15-i üzrə isə artım olub. Dövrün əvvəlində debitor borc qeydə alındığı maddə və yarımmaddələrin siyahısı bir qədər azalaraq 49-a enib. Debitor borcun inzibati təsnifat üzrə təhlilinə əsasən, debitor borcların mövcud olduğu istiqamətlərin sayında artım izlənmişdir. Belə ki, hesabat dövrünün əvvəlində debitor borcun qeydə alındığı istiqamətlərin sayı hesabat dövründə 107-yə yüksəlmişdir. Debitor borcların analitik prosedurlarla araşdırılması üzrə 275,5 mln. manatdan çox məbləğində borcun hərəkətində heç bir dəyişikliyin izlənmədiyini göstərir.