Prezident İlham Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir işləri üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki bəzi qurumlarda cari təmir (havalandırma, soyutma, isitmə, nəmalma və yanğın təhlükəsizliyi sistemləri üzrə avadanlıq alınması və quraşdırılması, habelə dam örtüyünün təmiri) işləri üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5.424,0 min (beş milyon dörd yüz iyirmi dörd min) manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamda göstərilən cari təmir işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.