2023-cü il üzrə yenidən baxılmış icmal büdcənin gəlirləri 43 milyard 60,1 milyon manat proqnozlaşdırılır ki, bu da ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34,4 milyon manat və ya 30,4 faiz çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Cari ilin icmal büdcənin xərcləri 41 milyard 269,9 milyon manat proqnozlaşdırılır ki, bu da ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 300,5 milyon manat və ya 8,7 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6 milyard 196,3 milyon manat və ya 17,7 faiz çoxdur. İcmal büdcə ilkin olaraq 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, yenidən baxılma ilə 6 milyard 733,9 milyon manat əlavə büdcə gəlirləri hesabına icmal büdcədə 1 milyard 790,3 milyon manat profisit gözlənilir.
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri ilkin təsdiq olunmuş göstərici ilə müqayisədə 7 milyard 346,6 milyon manat və ya 81,7 faiz artaraq 16 milyard 337,5 milyon manat məbləğində gözlənilir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 11 milyard 812,9 milyon manat təşkil edəcək ki, bu da cari ilin ilkin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və ya 4,1 faiz çoxdur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268 milyon manat təşkil edəcək.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5,0 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat olacaq.