“Azərpoçt” MMC Mediasiya Şurasına korporativ xidmət göstərəcək. Bununla bağlı qurumlar arasında “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb.
Fins.az xəbər verir ki, əməkdaşlıq nəticəsində mediasiya proseslərinin yekun nəticəsi olan sənədlərin dəqiq uçotunun aparılması, sənədlərin, sazişlərin mötəbərliliyinin artırılması üçün “Azərpoçt”un istehsal etdiyi holoqramların Mediasiya Şurası tərəfindən istifadəsinə başlanılacaq.
Holoqram mediasiya proseslərində iştirak edən tərəflərə təqdim ediləcək yekun sənədlərdə (İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, Barışıq sazişi və digər sənədlər) istifadə ediləcək. Xüsusi kodlarla nömrələnmiş holoqramın fərqliliyi bu holoqramların təkrarlana bilməməsindədir.
Qeyd edək ki, “Azərpoçt” MMC yazılı poçt göndərişlərinin mötəbərliliyinin qorunmasının təmini məqsədilə digər qurumlara da bu kimi xüsusi buraxılışlı holoqram və ya nömrəli markaların istehsalı ilə bağlı xidmət göstərir.