RƏSMİ

24 İyun

Milli Məclis “Dövlət satınalamaları haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

Fins.az xəbər verir ki, Milli Məclisin bu gün baş tutan növbədənkənar sessiyasının plenar iclasında “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi müzakirə olunub. İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər heyəti də iştirak edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuşda müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi barədə təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.04.2016-cı il tarixli 888 nömrəli Fərmanına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan qanun layihəsi 10 fəsil və 59 maddədən ibarətdir.

Qeyd olunub ki, yeni qanun müasir çağırışlara cavab verməklə dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmağı, çeviklik tələblərini nəzərə almağı, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni təmin etməyi, sui-istifadə hallarını minimallaşdırmağı, nəzarət imkanlarını genişləndirməyi, elektron satınalmalara keçidi təmin etməyi hədəfləyir. Bundan əlavə, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi məqsədilə qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilməsi də nəzərdə tutulub.

Təqdimatdan sonra Milli Məclisin deputatları söz alaraq yeni qanun layihəsi barədə öz müsbət fikirlərini səsləndirib, təkliflərlə çıxış ediblər.

Sonda  “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Zəminə Hüseyn
Fins.az