RƏSMİ

22 İyun

Operatora və xarici operatorun filialına lisenziya verilməsi qaydası müəyyənləşir

Operatora lisenziya verilməsi qaydası müəyyənləşir.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Operator fəaliyyətinə lisenziya verilməsi üçün Mərkəzi Banka təqdim edilmiş ərizəyə aşağıdakı məlumatlar və sənədlər əlavə edilir:

- operator fəaliyyətinin göstərilməsi ilə əlaqədar hüquqi şəxsin səlahiyyətli orqanının qərarı;

- nizamnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

- nizamnamə kapitalının miqdarı, hər bir iştirakçının payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

- ödənilmiş nizamnamə kapitalının məbləğinin müəyyən olunmuş minimum məbləğdən az olmamasını təsdiqləyən sənəd;

- mühüm iştirak payı sahiblərinin bu qanuna uyğunluğunu təsdiq edən sənədlər;

- müraciət edənin icra orqanı rəhbərinin bu Qanunla müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surətləri;

- ilk 3 (üç) il üçün biznes-plan;

- müəyyən edilmiş tələblərə cavab verən ödəniş sisteminə dair qaydalar;

- ödəniş sisteminin fəaliyyətinin təmin edilməsi üzrə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısı, onlar arasında əlaqə üzrə topoloji diaqram;

- hesablaşma agentinin adı, hüquqi ünvanı və hesablaşma agenti ilə razılaşdırılmış inteqrasiyaya dair açıqlama (operator özü hesablaşma agenti olmadıqda);

- inteqrasiya olunmuş ödəniş sistemləri haqqında məlumat və inteqrasiya sxemi;

- müraciət edənin təşkilati strukturu, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasındakı münasibətlər və benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilimiş vətəndaş qüsursuzluğu haqqında məlumat;

- daxili nəzarət sistemi, ödəniş sistemi iştirakçılarının məruz qala biləcəkləri maliyyə, əməliyyat və digər risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirlərinə dair məlumat;

- fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı.

Operator fəaliyyətinə lisenziyasının verilməsi üçün müraciət edən bank, xarici bankların yerli filialı və poçt rabitəsinin milli operatoru . operator fəaliyyətinin göstərilməsi ilə əlaqədar hüquqi şəxsin səlahiyyətli orqanının qərarı, ilk 3 (üç) il üçün biznes-plan, müəyyən edilmiş tələblərə cavab verən ödəniş sisteminə dair qaydalar, ödəniş sisteminin fəaliyyətinin təmin edilməsi üzrə istifadə olunan əsas avadanlıq və proqram təminatlarının siyahısı, onlar arasında əlaqə üzrə topoloji diaqram, hesablaşma agentinin adı, hüquqi ünvanı və hesablaşma agenti ilə razılaşdırılmış inteqrasiyaya dair açıqlama (operator özü hesablaşma agenti olmadıqda) və inteqrasiya olunmuş ödəniş sistemləri haqqında məlumat və inteqrasiya sxemi təqdim etməlidir. Operatorun biznes-planı, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planına dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Mərkəzi Bank operatora lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edir:

- Müraciət edən ona yazılı bildirişdə qeyd olunmuş çatışmazlıqları bu Qanunun 50.3-cü maddəsi ilə müəyyən olunan müddətdə aradan qaldırmadıqda və ya təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə;

- təqdim edilmiş sənədlərdə bu Qanunun tələbləri ilə uyğunsuzluq aşkar edildikdə;

- mühüm iştirak payının sahibləri müəyyən edilmiş tələblərə, benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələbinə cavab vermədikdə;

- mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;

- biznes-plan, daxili nəzarət sistemi, risklərin idarə edilməsi sistemi, o cümlədən fırıldaqçılıq hallarından, həssas ödəniş məlumatlarının və fərdi məlumatların qeyri-qanuni istifadəsindən müdafiə üçün təhlükəsizlik tədbirləri, habelə fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı müəyyən edilmiş tələblərə cavab vermədikdə.

Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə əsaslandırılır. Müraciət edən həmin qərardan məhkəməyə şikayət verə bilər.

Operator yenidən təşkil edildikdə, onun adı və ya hüquqi ünvanı dəyişdirildikdə o, lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün, lisenziya itirildikdə, zədələndikdə və ya məhv olduqda isə lisenziyanin dublikatının verilməsi üçün ərizə ilə Mərkəzi Banka müraciət edir.

xarici operatorun yerli filialına lisenziya verilməsi üçün Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edilir:

- xarici operatorun nizamnaməsinin, xarici operatorun yerli filialının əsasnaməsinin, habelə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surətləri;

- filialın yaradılması və filial rəhbərinin təyin edilməsi haqqında xarici operatorun səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş qərarın surəti;

- qeydiyyata alındığı xarici ölkədə əldə edilmiş operator lisenziyasının və ya operator fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədin surəti;

- filialın rəhbərinin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanuna uyğun olaraq təsdiq edilmiş surəti;

- xarici operatorun mühüm iştirak payına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;

- xarici operatorun yerli filialına ayrılmış vəsaitin müəyyən edilmiş minimum miqdardan az olmamasını təsdiqləyən sənəd;

- xarici operatorun yerli filialının öhdəlikləri üçün xarici operatorun məsuliyyət daşıması öhdəliyini təsdiq edən sənəd.

Xarici operatorun ölkəsinin qanunvericiliyi ilə həmin təşkilatın fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğuna bərabər və ya ondan daha ciddi nəzarət rejimi müəyyən edilmədikdə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Mərkəzi Bankın öz funksiyalarını həyata keçirməsi mümkün olmadıqda xarici operatorun yerli filialının açılması üçün lisenziya verilməsindən Mərkəzi Bank imtina edir.

Mərkəzi Bank bu Qanuna uyğun olaraq aşağıdakı bir və ya bir neçə əsaslar olduqda operatora verilmiş lisenziyanı ləğv edir:

- lisenziya sahibi lisenziyasının ləğvi barədə müraciət etdikdə;

- operator bu Qanuna uyğun olaraq tətbiq edilən təshih tədbirlərini yerinə yetirmədikdə;

- Mərkəzi Banka bilərəkdən yanlış hesabat və ya məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

- operator ləğv edildikdə və ya müflis elan edildikdə;

- lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

- lisenziyanın qüvvəyə mindiyi gündən 12 (on iki) ay müddətində operator fəaliyyətə başlamadıqda və ya fəaliyyəti dövrü müddətində ardıcıl olaraq 6 (altı) ay müddətində ödəniş sistemi üzrə hər hansı bir əməliyyat aparılmadıqda;

- operator olan bankın və ya xarici bankın yerli filialının bank lisenziyası ləğv edildikdə;

- fəaliyyət növlərindən başqa fəaliyyət növlərini həyata keçirdikdə;

- mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.

Xarici operatorun yerli filialına verilmiş lisenziya aşağıdakı bir və ya bir neçə əsaslar olduqda ləğv edilir:

- Yuxarıda qeyd edilən əsaslar olduqda;

- xarici ölkənin səlahiyyətli orqanı tərəfindən yerli filialın fəaliyyət göstərməsi qadağan edildikdə;

- xarici operatorun öz ölkəsində operator fəaliyyətinin göstərilməsi üzrə lisenziyası (və ya bu fəaliyyəti həyata keçirmək hüququnu təsdiq edən sənəd) ləğv olunduqda;

- xarici operatora yerləşdiyi ölkənin tənzimlənmə və nəzarət orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Mərkəzi Bank xarici operatorun yerli filialına nəzarəti həyata keçirə bilmədikdə.

Lisenziyanın ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.