Ödəniş sisteminin təşkili prinsipləri müəyyənləşir.
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş sistemi operator tərəfindən azı üç birbaşa ödəniş sistemi iştirakçısı arasında bağlanılmış müqavilə əsasında təşkil edilir. Aşağıdakı şəxslər ödəniş sisteminin operatoru ola bilərlər:
- Mərkəzi Bank;
- bu Qanuna uyğun olaraq operator fəaliyyətinə lisenziya almış hüquqi şəxs.
Lisenziya əsasında fəaliyyət göstərən operatorun nizamnamə kapitalı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilmiş minimum nizamnamə kapitalının miqdarından az olmamalıdır.
Ödəniş sisteminin təşkili üzrə operatorun vəzifələri aşağıdakılardır:
- ödəniş sisteminə dair qaydaların müəyyən edilməsi, ödəniş sistemi iştirakçıları tərəfindən onlara riayət olunmasına nəzarət edilməsi;
- ödəniş sistemində risklərin idarə olunması sisteminin təşkili;
- ödəniş sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi, ödəniş sisteminin fəaliyyətində fasilə yarandığı halda, bu barədə Mərkəzi Banka və ödəniş sisteminin iştirakçılarına məlumat verilməsi;
- daxili nəzarət sisteminin, habelə informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi.
Bu Qanunun 8-ci (Mühasibat uçotu və maliyyə hesabatları) və 10.1-ci (Ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verməlidir) maddələri lisenziya əsasında fəaliyyət göstərən operatora da şamil edilir.
Ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti və xüsusi tənzimləmə rejimi nəzərə alınmaqla, lisenziya əsasında fəaliyyət göstərən operator tərəfindən (bank, xarici bankın yerli filialı, poçt rabitəsinin milli operatoru istisna olmaqla) ödəniş sistemlərinin təşkili ilə yanaşı, ödəniş kartlarının emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsindən başqa digər fəaliyyət həyata keçirilə bilməz.
Operator, ödəniş sistemi iştirakçıları, ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş sisteminin idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş sistemində ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları, habelə emal olunan ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır.
Operator ödəniş sistemlərinin fəaliyyətinin təmin edilməsinə cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun tələblərinin əks olunmasını təmin etməlidir. Ödəniş sisteminin operatoru və iştirakçıları arasındakı qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminə dair qaydalar ilə tənzimlənir. Ödəniş sisteminə dair qaydalarda birbaşa və ya dolayı iştirak nəzərdə tutula bilər. Ödəniş sisteminin birbaşa iştirakçısı ödəniş sisteminin digər iştirakçıları ilə hesablaşmaların aparılması məqsədilə hesablaşma agentində, dolayı iştirakçı isə birbaşa iştirakçıda müxbir və ya cari hesab açmalıdır. Ödəniş sisteminin birbaşa və dolayı iştirakçıları arasında qarşılıqlı münasibətlər müqavilə və ödəniş sisteminə dair qaydalar əsasında tənzimlənir.
Ödəniş sisteminə dair qaydalarda azı aşağıdakılar əks olunmalıdır:
- ödəniş sistemində iştirak, iştirakın dayandırılması və sistemdən kənarlaşdırılma şərtləri;
- operatorun və ödəniş sistemi iştirakçılarının hüquq və vəzifələri;
- ödəniş sisteminin fəaliyyət reqlamenti;
-klirinq və hesablaşmaların aparılması, məlumatların təqdimolunma qaydası, forma və strukturu;
- emal olunan ödəniş sərəncamlarının forma və strukturu;
- ödəniş sərəncamının qəbulu və gerigötürülməzliyi şərtləri;
- informasiya sistemlərinin təşkili və idarəedilməsi, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları;
- risklərin idarə olunması və hesabatlılığın təşkili;
- hesablaşmaların başa çatdırılması nəzərdə tutulduğu halda, likvidliyin təmin olunması üsulu;
- hesablaşmaların aparıldığı valyuta (valyutalar);
- göstərilən xidmətlər və tətbiq edilən xidmət haqları;
- ödəniş sistemi iştirakçıları arasında mübahisəli halların həlli;
- ödəniş sisteminə dair qaydaların pozulmasına görə tərəflərin məsuliyyəti.
Operator ödəniş sisteminə dair qaydalarının bu Qanunun tələblərinə uyğun olmasını təmin edir. Operator birtərəfli qaydada ödəniş sisteminə dair qaydalarında dəyişikliklər edə bilər. Ödəniş sisteminə dair qaydalarda dəyişikliklər ödəniş sistemi iştirakçılarına bildirildikdən 1 (bir) ay sonra tətbiq edilir. Operator ödəniş sisteminə dair qaydalarında ödəniş sistemi iştirakçıları arasında ayrı-seçkiliyə yol verməməli, ödəniş sistemində yarana biləcək risklərin qarşısının alınması halları istisna olmaqla ödəniş sistemində iştiraka mane olmamalıdır.
Ödəniş sisteminə dair qaydalarda ödəniş sistemi iştirakçılarına qarşı aşağıdakı tələblər irəli sürülə bilməz:
- digər ödəniş sistemlərində iştirakın məhdudlaşdırılması;
- ödəniş sistemində ödəniş sistemi iştirakçılarının hüquq və öhdəliklərinə münasibətdə onlar arasında hər hansı fərqli şərtlərin müəyyən edilməsi;
- ödəniş xidməti təchizatçısının növündən asılı olaraq məhdudiyyətlər.
Ödəniş sistemi iştirakçısı eyni zamanda ödəniş sisteminin hesablaşma agenti və (və ya) operatoru ola bilər.
Hesablaşma agenti olaraq Mərkəzi Bank, yerli bank, xarici bankın yerli filialı çıxış edə bilər. Ödəniş sistemində yerli banklar, xarici bankın yerli filialları və (və ya) poçt rabitəsi milli operatoru arasında manatla olan hesablaşmalar üzrə hesablaşma agenti funksiyasını yalnız Mərkəzi Bank həyata keçirir. Operator və hesablaşma agenti öz fəaliyyətini bu Qanunun tələblərinə, ödəniş sisteminə dair qaydalara və ödəniş sistemi iştirakçıları ilə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirir. Hesablaşma agenti tərəfindən ödəniş sərəncamları üzrə hesablaşmalar iştirakçıların müxbir və ya cari hesabları üzərindən aparılır. Hesablaşma agenti klirinq üzrə ödəniş sistemində hesablaşmaların başa çatdırılmasını ödəniş sistemi iştirakçılarının müxbir və ya cari hesabları üzrə tələblər müəyyən etməklə, habelə nağd pul, dövlət istiqrazları və ya Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızların girovu mexanizmlərini tətbiq etməklə təmin edə bilər. Bu cür girov maliyyə girovu hesab olunur və bu vəsaitin girovuna Mülki Məcəllə maddəsi şamil edilir və ödəniş sistemində hesablaşmalar başa çatdırılanadək həmin vəsaitə üçüncü şəxslərin tələbləri üzrə tutma yönəldilə bilməz.