Ödəniş xidmətləri və ödəniş xidməti təchizatçıları müəyyənləşir.
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Ödəniş xidmətlərinə aşağıdakılar aiddir:
- ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
- kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
- ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi (vəsait alan ilə müqavilə bağlayaraq ödəniş alətləri ilə aparılan və vəsaitlərin vəsait alanın xeyrinə köçürülməsi ilə nəticələnən əməliyyatlar üzrə məlumatların qəbulu və emalı və ya nağd pul vəsaitinin verilməsi üzrə ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmət);
- pul köçürməsi;
- elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
- ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
- hesab üzrə məlumat xidməti.
Bu Qanunun məqsədləri üçün aşağıda qeyd olunanlar ödəniş xidməti hesab edilmir:
- ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları;
- ancaq ödəyici və ya vəsait alanın adından malların alqı-satqısı, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə müqavilələri bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi (agenti) vasitəsilə ödəyici tərəfindən vəsait alanın xeyrinə həyata keçirilən ödəniş əməliyyatları;
- ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları;
- normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada vahid xəzinə hesabında açılan və aparılan əlavə dəyər vergisinin depozit hesabı üzrə, həmçinin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əməliyyatlar;
- akkreditiv, inkasso, çek və veksellər ilə aparılan ödəniş əməliyyatları;
- ödəniş sistemlərinin iştirakçıları arasında aparılan ödəniş əməliyyatları, habelə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilən şəxslərin pul vəsaitlərinin Mərkəzi Bankda olan ödəniş hesabına nağd formada mədaxil və (və ya) məxaric edilməsi üzrə ödəniş əməliyyatları;
- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar tərəfindən həyata keçirilən qiymətli kağızlar üzrə əməliyyatlardan irəli gələn ödənişlər, o cümlədən dividendlər və faizlərlə bağlı ödəniş əməliyyatları;
- emitentin öz təsərrüfat subyektlərində (obyektlərində) malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər;
- mobil rabitə operatoru tərəfindən abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları (bu şərtlə ki, həmin ödəniş əməliyyatlarının məbləği Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş məbləğdən artıq olmasın);
- ödəniş xidməti təchizatçıları onların filialları və (və ya) ödəniş agentləri arasında aparılan ödəniş xidməti istifadəçilərinin ödəniş sərəncamının icrası ilə bağlı olmayan ödəniş əməliyyatları;
- müştəri əməliyyatları ilə bağlı olmayan əsas cəmiyyətlə onun törəmə cəmiyyətləri və ya əsas cəmiyyətin törəmə cəmiyyətləri arasında onlarla eyni şirkətlər qrupuna aid ödəniş xidməti təchizatçısının iştirakı ilə aparılan ödəniş əməliyyatları;
- bir və ya bir neçə ödəniş kartı emitentinin adından çıxış edən və ödəniş xidməti istifadəçisi ilə müqavilə bağlamayan təşkilatlar tərəfindən ödəniş xidməti istifadəçilərinə ödəniş terminalı vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi üzrə göstərilən xidmətlər, bu şərtlə ki, müvafiq təşkilatlar tərəfindən bu Qanunda nəzərdə tutulan xidmətlər göstərilməsi;
- ödəniş xidmətlərinin göstərilməsini dəstəkləmək məqsədilə texniki xidmət təchizatçıları tərəfindən köçürmə prosesinin hər hansı anında köçürülən vəsaitlərə sahiblik etmədən təqdim olunan xidmətlər (bu xidmətlərə məlumatların emalı, saxlanması, autentifikasiyası (ödəniş xidməti təchizatçısına ödəniş xidməti istifadəçisinin kimliyini və ya ödəniş alətinin, o cümlədən ödəniş xidməti istifadəçisinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur), təhlükəsizliyinin təmin edilməsi, o cümlədən ödəniş xidmətlərinin təminatında istifadə olunan informasiya texnologiyaları, rabitə şəbəkəsi, habelə texniki cihazların təchizatı və dəstəklənməsi daxildir).
Ödəniş xidmətlərinin təchizatçıları aşağıdakılardır:
- Mərkəzi Bank;
- banklar və xarici bankların yerli filialları;
- “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən bank olmayan kredit təşkilatları;
- poçt rabitəsinin milli operatoru;
- ödəniş təşkilatları;
- elektron pul təşkilatları.
Ödəniş xidməti təchizatçıları yalnız “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödəniş xidmətlərini göstərə bilərlər.
Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır. Ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.