Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası üçün artıq 4 milyard dollardan çox vəsait xərcləyib.
Fins.az-ın məlumatına görə, bunu maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Samir Şərifov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilən 7-ci iclasında deyib.
"Biz Səudiyyə Ərəbistanının Azərbaycana qarşı işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndiririk və bu prinsipial mövqeyinə görə dost ölkəyə minnətdarıq. Dünən Səudiyyə Ərəbistanından nümayəndə heyəti Zəngilana səfər edib. Səfər zamanı qonaqlar erməni barbarlarının torpaqlarımızda törətdikləri vəhşiliklərlə tanış olublar”, - deyə S.Şərifov bildirib.
S.Şərifov vurğulayıb ki, bu il Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu gün iki ölkə arasında əlaqələr möhkəm siyasi bünövrə əsasında inkişaf edir.