"Bir çox Avropa şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərirlər".
Fins.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Avstriyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq Avstriya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycan Prezidenti Avstriya şirkətlərinin işğaldan azad olunan ərazilərdə tikinti, infrastruktur və digər sahələrdə fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına toxunan Prezident İlham Əliyev Avstriyanın bu əməkdaşlığı daim dəstəklədiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfərinin önəmini qeyd edib və səfər çərçivəsində imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunub.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında eyni zamanda nəqliyyat, ticarət, yüksək texnologiyalar, turizm, kənd təsərrüfatı, tikinti sahələrini də qeyd edib.