QARABAĞ

21 İyul

ADB: Azad edilən torpaqlara investisiyalar tikinti sektorundakı 5 illik geriləmənin qarşısını alıb

44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar, tikintinin 5,2 % artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb.

Bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook-2022” iyul hesabatında bildirilib.

Bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 % böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir.

Hesabata görə, ADB Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı (ÜDM) artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6 %-dən 3,8 %-ə çatdırıb. Regionda ÜDM artımı gələn il yenidən nəzərdən keçirilərək 4 %-dən 4,1 %-ə qaldırılıb.

Artım əsasən Ukraynadakı müharibənin iqtisadi nəticələrinə gözlənildiyindən daha yaxşı tab gətirən Azərbaycan, Gürcüstan, Ermənistan və Tacikistan üçün yaxşılaşdırılmış perspektivləri əks etdirir. Bununla belə, qeyri-müəyyən geosiyasi mühit fonunda bu iqtisadiyyatlarda artım önümüzdəki aylarda yavaşlaya bilər.

"Rusiyaya qarşı sanksiyalara görə biznesi diversifikasiya edənlər də daxil olmaqla, xarici ziyarətçilərin böyük axını ilə bağlı daxil olan pul köçürmələri şəxsi istehlakı artırıb və xidmətlər sektorunun canlanmasına yardım edib", - hesabatda deyilir.

Gürcüstan iqtisadiyyatı I rübdə xidmətlər, istehsal və kommunal xidmətlər hesabına 14,4 % artıb. Bu ilin 5 ayında gələn turistlərin sayı illik müqayisədə 258 %, xaricdən pul köçürmələri isə 54,3 % artıb. Mayda Rusiyadan pul köçürmələri bu ölkənin vətəndaşlarının axını ilə əlaqədar olaraq təxminən on dəfə artıb.

© Report