İDMAN

02 Noyabr

Bu ulduzlar üçün sonuncu dünya çempionatı - Ronaldo, Messi...

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına 18 gün qalır. Fins.az xəbər verir ki, noyabrın 20-də start götürəcək mundial bir çox ulduz futbolçular üçün sonuncu dünya çempionatı olacaq. 

Bir çox oyunçular məhz bu mundialdan sonra milli komanda karyerasını başa vuracaq. 

Maraqlıdır ki, bu futbolçuların başında dünya futboluna adını qızıl hərflərlə yazdırmış Kriştianu Ronaldo və Lionel Messi gəlir.

Portuqaliya yığmasının və “Mançester Yunayted”in superulduzu olan Ronaldo qazanmadığı yeganə titulu əldə etmək üçün son şansından istifadə edəcək. Saysız-hesabsız rekordlar qıran 37 yaşlı oyunçu ən böyük futbol yarışının kubokunu başı üzərinə qaldırmaq üçün çalışacaq. UEFA Çempionlar Liqasının dəfələrlə qalibi, Avropa çempionu olan Kriştianu üçün ümid az olsa da, o, sürprizə inanır və açıqlamalarında bunu bildirib. 


Lionel Messi üçün də Qətər son şans olacaq. Amerika Kubokunu, Çempionlar Liqasını qazanan argentinalı ulduz ən böyük arzusuna çatmağa çalışacaq. Əslində, 35 yaşlı futbolçunun kapitanlıq etdiyi Argentina yığması DÇ-nin qalibi olmağa ən real namizədlərdəndir. Dünya çempionatının gümüş mükafatçısı bu dəfə onu qızılla əvəzləmək üçün əlindən gələni edəcəyini bildirib. 


Braziliya yığmasının ulduzu Neymar da mundialdan sonra yığma karyerasını başa vura bilər. Maraqlıdır ki, futbolçu özü bu barədə açıqlama vermişdi. Bir müddət öncə Fransa mətbuatına danışan ulduz Qətərdə sonuncu dəfə yığma formasını geyinəcəyini bildirmişdi. 


Xorvatiya yığmasının əfsanələrindən olan Luka Modriç də sonuncu dəfə dünyanın ən güclüsü olmaq üçün meydana çıxacaq. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında gözlənilmədən finala qədər gələn Xorvatiya yığmasının ən yaxşısı olan yarımmüdafiəçi növbəti mundialda meydanda ola bilməyəcək. 37 yaşlı xorvat üçün milli karyerası artıq başa çatacaq. 

 
 
 
 
 
 
 
 

 


İspaniya yığmasına son zamanlar daimi dəvət almayan Serxio Ramos üçün də Qətər sonuncu dayanacaq ola bilər. Son oyunlarda PSJ-də heç də pis təsir bağışlamayan müdafiəçinin milliyə dəvət alacağı gözlənilir. İspaniya yığması ilə dünya və Avropa çempionu olan 36 yaşlı ulduz futbolçu da karyerasını bu mundialdan sonra başa vuracaq. 


Almaniya yığmasının ulduz hücumçusu Tomas Müller də sonuncu dəfə dünyanın ən güclülərinin yarışında iştirak edəcək. 2014-cü ildə Braziliyada keçirilən mundialın qalibi olan futbolçu uğurunu təkrarlamaq üçün sonuncu şansı əldə edəcək. 


Almaniya yığmasının qapıçısı Manuel Noyer üçün də sonuncu DÇ olacaq. 36 yaşlı çərçivə qoruyucusunun növbəti mundialda heyətdə yer alacağı inandırıcı görünmür. Düzdür, qapıçılar üçün yaş limiti o qədər də əhəmiyyətli deyil. Amma Almaniya yığması kimi çox seçimi olan komandanın 40 yaşında Noyeri dünya çempionatına aparacağı real deyil. 


İspaniya yığmasında Xordi Alba da sonuncu dəfə DÇ-də meydana çıxacaq. 33 yaşlı futbolçu bundan sonra milli karyerasını başa vuracaq. 


Braziliya yığmasının kapitanı Tyaqo Silva da karyerasını mundialdan sonra bitirəcək. 38 yaşlı futbolçu üçün Qətərdə keçirilən yarış sonuncu olacaq.


Argentina yığmasının ulduz futbolçularından sayılan Anhel Di Mariya da sonuncu mundialında iştirak edəcək. 34 yaşlı yarımmüdafiəçi bu yarışdan sonra milli karyerasını bitirməyi düşünür.