İDMAN

28 Sentyabr

Neftçinin baş məşqçisi: Qarabağla oyuna hazırıq

"Hamı matça hazırdır".

Bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis oyun barədə inamlı olduğunu bildirib: "Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya qarşılaşmanın daxilindədir. Çox vacib görüş olacaq".

Rumıniyalı baş məşqçi çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb: "Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov da bu gün hazırlıq prosesinə qoşulublar. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq".

Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib: "Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonrakı ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".