Avropa Liqasının qrup mərhələsində ən uzun səfərə çıxacaq klubların adları müəyyənləşib. Fins.az xəbər verir ki, siyahıya Azərbaycan çempionu “Qarabağ” başçılıq edir.
Ağdam təmsilçisi onunla birlikdə G qrupunda yer alan “Nant”la ilk pilləni bölüşdürür. Qurban Qurbanovun yetirmələri 5-ci turda Nant səfərinə yollanacaq. Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Nant hava limanı arasında 4118 km məsafə var. Bu isə 7 saatdan çox uçuş deməkdir.
Qrupun 2-ci turunda isə “Nant” “Qarabağ”la Bakıda qarşılaşmaq üçün əks istiqamətə yollanacaq. Avropa Liqasında iştirak edən klublardan heç birini cari mövsüm qrup mərhələsində bu qədər uzun səfər gözləmir.
Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sabah Almaniyada “Frayburq”a qarşı keçirəcək. “Nant” isə Fransada “Olimpiakos”u qəbul edəcək.