İDMAN

02 Sentyabr

“Kəpəz”in yeni baş məşqçi planı

Misli Premyer Liqasının ilk dörd turundan sonra baş məşqçisi Yaşar Vahabzadəni istefaya göndərən “Kəpəz” yeni çalışdırıcı axtarışlarını dayandırmağı planlaşdırır.

Bir neçə mütəxəssis, o cümlədən Şahin Diniyevlə danışıqlarda müsbət nəticə əldə etməyən Gəncə klubu yeni variantı nəzərdən keçirir.

Hazırkı heyət və büdcəni nəzərə alan qərblilər müvəqqəti baş məşqçi Xaliq Mərdanovun bu postda qalmasının da əleyhinə deyil. Gəncə futbolunun yetirməsinin qış fasiləsinə qədər komandaya rəhbərlik etməsi variantı nəzərdən keçirilir.

Mövsümə əvəzedicilərin baş məşqçisi kimi başlayan Mərdanov artıq V turda əsas komandaya rəhbərlik edib. Onun yetirmələri “Qarabağ”la ev matçında 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, keçirdiyi 5 oyunun hamısında uduzan gəncəlilər Misli Premyer Liqasının turnir cədvəlində sonuncu pillədə yer alıb.