Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəlib.
Yığma üzvlərindən Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 1/4 final döyüşünü qələbə ilə başa vurublar.
Qədirov Samat Jetibayevi (Qazaxıstan) 3:1 (30:26, 28:28, 29:27, 27:29, 30:26) hesabı ilə məğlub edib. O, finala gedən yolda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gələcək.
Rəhimov isə Adilet Dosimbekovu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Boksçumuz döyüşü 5:0 (29:28, 29:27, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Rauf növbəti qarşılaşmasında özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayacaq.
Hər iki boksçu yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Yarışın 1/4 final mərhələsində daha 3 idmançımız - Rüfət Hüseynov (51 kq), Mirşərif Kazımzadə (75 kq) və Rasim Çobanlı (75 kq) rinqə çıxacaq. Onlar müvafiq olaraq, Foziljon Abdumuradov (Özbəkistan), İliyar Aşirov (Qazaxıstan) və Dias Moljiqitovla (Qazaxıstan) qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 boksçunun qatıldığı turnirdə yarımfinal döyüşləri sentyabrın 2-də olacaq.