Bakı, 15 yanvar Fins.az
Martın 9-16-da Polşanın Vroslav şəhərində güllə atıcılığı üzrə Qran-Pri turniri keçiriləcək.
25 metr məsafəyə atəşaçma yarışlarında Azərbaycan komandası da iştirak edəcək. Ölkəmizi turnirdə Ruslan Lunyov və Nigar Nəsirova təmsil edəcəklər.
Güllə atıcılarımızın da iştirakı planlaşdırılan bu mövsümün ilk yarışı - Avropa çempionatı ləğv edilib. Finlandiyanın Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.
Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.