İDMAN

22 Dekabr

Qazi idmançımıza dopinq tərkibli maddə vurulubsa, onlar cəzalandırılacaqmı?

Bakı 22 dekabr Fins.az

Vətən Müharibəsində iştirak etmiş idmançı qazilərimizə dopinq tərkibli maddə verilsə belə, onlar cəzalandırılmaya bilər.

Bu barədə AMADA-nın (Azərbaycan Anti-Dopinq Agentliyi) direktoru Şəfəq Hüseynli bildirib.

O, media üçün keçirilən ənənəvi illik hesabat zamanı bu məsələyə aydınlıq gətirib: 

“Bizdə olan məlumata görə, 478 idmançı Vətən Müharibəsində iştirak edib. 54 nəfər şəhid olub, 51 nəfər yaralanıb. Yaralananlara dopinq tərkibli dərmanlar verilə bilər. 

Biz başa düşürük ki, həmin idmançıların cəbhəyə gedərkən AMADA-ya məlumat vermək barədə imkanları olmayıb. Amma biz onlara imkan yaradırıq ki, cəbhədə iştirak etmələrinə dair məlumatları AMADA-ya sonradan təqdim etsinlər.

O, Təftişedici Komissiyaya müraciət edib, lazımi anketi doldurmalıdır. Bu, koronavirusa yoluxmuş idmançılarımıza da aiddir. Beş nəfərdən ibarət komissiya bu məsələyə baxdıqdan sonra qərarını verəcək”.