İDMAN

05 Mart

AVRO-2020 Məlumat mərkəzi istifadəyə verildi

İyunun 12-də start götürəcək futbol üzrə Avropa çempionatına 100 gün qalmış “Gənclik Mall” ticarət mərkəzində AVRO-2020 məlumat mərkəzinin açılışı olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, açılışda iştirak edən AVRO-2020-nin səfiri Vəli Qasımov çempionatın həm idman, həm də turizm baxımından Azərbaycana göstərəcəyi müsbət təsirindən və əhəmiyyətindən danışıb. 

Tədbirdə, həmçinin, AVRO-2020-nin rəsmi maskotu “Skillzi” də iştirak edib və fotolar çəkdirib.

Məlumat mərkəzi hər gün saat 10:00-dan 22:00-dək fəaliyyət göstərəcək. Mərkəzdən AVRO-2020 ilə bağlı məlumatlar əldə etmək və foto-guşədə şəkillər çəkdirmək mümkündür.

Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 13-də İsveçrə - Uels, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Eyni zamanda, bu arenada iyulun 4-də 1/4 final oyunarından biri keçiriləcək.