DÜNYA

25 İyun

Almaniya şəkər qiymətlərinin artacağı barədə xəbərdarlıq edib

Avropanın ən böyük şəkər istehsalçısı olan “Südzucker” korporasiyasının Baş direktoru Nils Pörksen şəkərin qiymətinin xeyli artacağı ilə bağlı xəbərdarlıq edib.

Fins.az xəbər verir ki, sahibkar bu barədə “Mannheimer Morgen” qəzetinə müsahibəsində deyib. O, qaçılmaz bahalaşmanı şəkər çuğundurunun və enerji xərclərinin artması ilə izah edib.

Bir müddət öncə Almaniyanın ərzaq və kənd təsərrüfatı naziri Cem Özdemir ərzağın daha da bahalaşacağını bildirərək aztəminatlı ailələrə əlavə yardım göstərilməsinə çağırıb. Onun sözlərinə görə, ərzaq qiymətlərinin pik həddi hələ qabaqdadır. Nazir qeyd edib ki, istehsalçılar indi enerji üçün daha çox pul ödəməyə və həmin xərcləri məhsulun qiymətinin üzərinə gəlməyə məcbur olurlar.

May ayının nəticələrinə görə Almaniyada inflyasiya rekord həddə - 7,9 faizə çatıb. Sonuncu dəfə belə yüksək inflyasiya göstəricisi 1973-1974-cü illərin qış aylarında, ölkə sənayesinin böhranla üzləşdiyi və neft qiymətlərinin kəskin bahalaşdığı dövrdə müşahidə olunmuşdu.

© azertac