DÜNYA

11 Avqust

Çinin Lenovo şirkətinin gəlirləri 27% artıb

Bu ilin aprel-iyun dövründə Çinin "Lenovo" kompüter avadanlığı istehsalçısının ümumi gəliri 109,4 milyard yuan (təxminən 16,29 milyard dollar) təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. 

Fins.az xəbər verir ki, bu məlumatlar şirkətin çərşənbə günü açıqladığı hesabatda yer alıb.

Dövr ərzində xalis mənfəət 119% artaraq 3.01 milyard yuan (təxminən 466 milyon dollar) səviyyəsinə çatıb. 

Hesabatda, ilk dəfə olaraq, ağıllı istehsal həlləri hazırlayan yeni bir müəssisəsinin - "Solutions Servicies Group" (SSG) şirkətinin maliyyə göstəriciləri də təqdim olunur. İkinci rübdə onun ümumi dövriyyəsi 7,65 milyard yuan (təxminən 1,18 milyard dollar) olub.

Xatırladaq ki, "Lenovo"nun əvvəlki maliyyə ilində ümumi gəliri (1 aprel 2020-ci ildən 31 mart 2021-ci ilədək) illik 19,8% artaraq 411,6 milyard yuan (təxminən 63,5 milyard dollar) təşkil etmişdi. Eyni zamanda, xalis mənfəət 70% artaraq 8 milyard yuan (təxminən 1,2 milyard dollar) olmuşdu.

Qeyd edək ki, 2021-ci ilin 2-ci rübü "Lenovo"nun maliyyə ilində 1-ci rübdür.