BİZNES

06 Noyabr

Nvidia, Apple-ı keçərək dünyanın ən dəyərli şirkəti oldu

Fins.az - Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia, bazar dəyərində Apple-ı geridə qoyaraq yenidən dünyanın ən yüksək qiymətləndirilən şirkəti titulunu qazandı.

Şirkətin Nasdaq Birjasında ticarət olunan səhmləri çərşənbə axşamı günü 2,84 faiz artaraq səhm başına 139,91 dollara yüksəldi. Bu artımla Nvidia-nın ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Apple-ın 3,38 trilyon dollarlıq bazar dəyərini üstələyən Nvidia, ikinci dəfə dünyanın ən dəyərli şirkəti adını alıb. Süni intellekt texnologiyasına və çiplərə olan yüksək tələbat Nvidia-nın bazar dəyərini il ərzində əhəmiyyətli dərəcədə artırıb. Yalnız 2024-cü ilin əvvəlindən bəri Nvidia-nın səhmləri 182,5 faiz dəyər qazanıb.

Qeyd edək ki, Nvidia-nın bazar dəyəri ilk dəfə bu ilin iyun ayında 3 trilyon dolları keçmişdi. Şirkət, süni intellekt texnologiyasında liderliyini möhkəmləndirmək üçün yeni məhsullar və çip texnologiyaları üzərində çalışır.