Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Misirin Mənzil, Mühəndis-Kommunikasiya Sistemləri və Şəhər İcmaı naziri Şərif Əl-Şarbini ilə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Misirdə, 12-ci Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən görüşündə bildirilib.
Nazir Şərif Əl-Şarbini görüşdə Misirin şəhərsalma sahəsindəki təcrübəsini Azərbaycanla paylaşmağa hazır olduğunu və bu təşəbbüsün iki ölkə arasında mövcud olan sıx əlaqələrdən irəli gəldiyini vurğulayıb. Onun sözlərinə görə, Misir dördüncü nəsil şəhərlər kimi tanınan “davamlı ağıllı şəhərlər”in qurulması, içməli və çirkab su infrastrukturu layihələrinin inkişafı və müxtəlif sosial qruplar üçün yüz minlərlə yaşayış binasının tikintisində böyük nailiyyətlər əldə edib.
Nazir həmçinin Misirin podratçı şirkətlərinin Afrika və Yaxın Şərq daxil olmaqla şəhər inkişafında geniş təcrübəyə malik olduğunu və dünyada müxtəlif layihələri həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.
Anar Quliyev isə Azərbaycanın Misirlə şəhərsalma sahəsində əməkdaşlığı dərinləşdirmək və Misirin zəngin təcrübəsindən faydalanmaq istəyində olduğunu qeyd edib. O, Misirlə Azərbaycan arasında möhkəm əlaqələrin həm hökumət, həm də xalq səviyyəsində özünü göstərdiyini bildirib.