BİZNES

06 Avqust

«Paşa Holdinq»in maliyyə qurumları Azərbaycanda bir ildə nə qədər qazanıb?-MƏBLƏĞ

Azərbaycanın aparıcı biznes-maliyyə qruplarından olan «Paşa Holdinq»in maliyyə qanadı bir ildə 380 milyon manata yaxın xalis mənfəət əldə edib.

Fins.az şirkətlərin açıqladığı maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ildə «Paşa Holdinq»ə daxil olan və Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatları - «PAŞA Bank», «Kapital Bank», «PAŞA Həyat Sığorta», «PAŞA Sığorta» və «PAŞA Kapital» şirkətlərinin ümumi xalis mənfəəti 378 milyon 864 min manat təşkil edib.

Mənfəətin böyük hissəsi holdinqin banklarının payına düşüb – aktivlərinin həcminə görə, Azərbaycan Beynəlxalq Bankından geri qalan «Kapital Bank» və «PAŞA Bank» 2020-ci ildə ümumilikdə 333 milyon manat mənfəət əldə ediblər.

«Kapital Bank»ın xalis mənfəəti 253 milyon 836 min manat, «PAŞA Bank»ın xalis mənfəəti isə 79 milyon 483 min manat təşkil edib.

«PAŞA Holdinq»ın sığorta qanadı ona ümumilikdə 42 milyon qazanc gətirib. «Paşa Həyat Sığorta» ötən il 21 milyon 773 min manat, «PAŞA Sığorta» isə 20 milyon 690 min manat qazanıb.

Nəhayət, qiymətli kağızlar bazarında fəaliyyət göstərən «PAŞA Kapital» şirkəti 2020-ci ildə 3 milyon 082 min manat xalis mənfəət əldə edib.