BİZNES

04 İyun

Dünya Bankı Azərbaycanda bu qurumla monitorinq sahəsində əməkdaşlıq edəcək 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dünya Bankı ilə birlikdə “İdarəetmənin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu” mövzusunda seminar keçirib. Fins.az xəbər verir ki,seminar Azərbaycanda milli monitorinq və qiymətləndirmə potensialına həsr olunub.

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya Bankı komandasına Azərbaycanda monitorinq və qiymətləndirmə potensialının qurulması, Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə üçün metodologiya və çərçivənin hazırlanmasında göstərdiyi ekspert dəstəyinə görə təşəkkür edib: ““Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” ortamüddətli xərclər çərçivəsi ilə vəhdət təşkil edir. Belə ki, qəbul olunan qaydalar dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində irəliyə atılmış daha bir addımdır və bununla da dövlət xərclərinin idarəedilməsində biz üç əsas məqsədə nail olacağıq. Bunlardan biri fiskal intizamın daha da artırılmasıdır. Fiskal intizam dövlətin makroiqtisadi stabillik və dayanıqlı iqtisadi artıma xidmət edən fiskal mövqeyə sahib olmasıdır. İkincisi, resursların dövlətin strateji hədəflərinə uyğun bölüşdürülməsi və ya strateji planlaşdırmadır. Burada əsas şərt dövlət xərclərinin ölkənin strateji sənədlərində müəyyən edilən hədəfi nəzərə almaqla iqtisadi, funksional və proqram təsnifatları üzrə rasional bölüşdürülməsidir. Üçüncü məqsədimiz isə dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətindədir. Bu hədəfin reallaşdırılması dövlətin büdcə vasitəsilə təqdim etdiyi xidmətlərin faydalılığının artırılmasıdır.”