BİZNES

20 May

Azərbaycan və İspaniya iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə İspaniya Krallığının xarici işlər naziri Arança Qonzalez Laya arasında baş tutmuş telefon söhbəti zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Söhbət zamanı yaxın gələcəkdə iki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub”, - deyə məlumatda bildirilir.

Tərəflər, habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

“Nazirlər iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər”, - deyə məlumatda qeyd olunur.*