BİRJA

14 Yanvar

Elman Rüstəmov: "Azərbaycanda kapital bazarı zəif inkişaf edib, burada vəsait cəlb edəcək şirkətlər lazımdır"

Azərbaycanda kapital bazarı zəif inkişaf edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov belə hesab edir.

“Azərbaycanda kapital bazarları inkişaf etməyib. Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər”, - Rüstəmov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə qeyd edib.

O qeyd edib ki, Mərkəzi Bankın indiki mandatında da sığorta işinə nəzarət mühüm yer tutur. Rüstəmovun sözlərinə görə, burada, xüsusilə də əmlakın sığortalanması məsələsi önəmli rol oynayır. “Siz çox düzgün prioritetlər müəyyənləşdirdiniz - maarifləndirmə, marketinq, əhali ilə iş. Hesab edirəm ki, hökumətlə birlikdə həm də yerli icra hakimiyyəti orqanları da bu işə fəal qoşulmalıdırlar. Çünki rayon yerlərində, kənd yerlərində hadisələr baş verir. Hesab edirəm ki, biz bu işi çox ciddi təşkil etməliyik. Bütövlükdə burada görülməli işlər həddindən artıq çoxdur”, - Rüstəmov bildirib.

2019-cu il noyabrın sonunda maliyyə sektorunun tənzimlənmə funksiyaları Mərkəzi Banka verilib