Maliyyə Nazirliyi tərəfindən 2020-ci il ərzində ümumi həcmi 850 milyon manat məbləğinədək dövlət qiymətli kağızlarının buraxılışı nəzərdə tutulur.
Fins.az xəbər verir ki, qeyd olunan buraxılış çərçivəsində 300 milyon manat dövlət qısamüddətli (1 il və daha qısa) və 550 milyon manat ortamüddətli (1 ildən 5 ilədək) dövlət qiymətli kağızların daxili maliyyə bazarlarında buraxılmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən dövlət istiqrazlarının buraxılış şərtləri artıq dövlət qeydiyyatına alınıb.
İnvestorlar tərəfindən daha uzunmüddətli dövlət qiymətli kağızlarına olan tələbatın artmasını nəzərə alaraq 2020-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq dövriyyə müddəti 5 ilədək olan dövlət istiqrazlarının emissiya edilməsi nəzərdə tutulur. Bununla Prezident İlham Əliyevin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində qarşıya qoyulan vəzifələrin icrası, habelə daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və daha uzunmüddətli qiymətli kağızlar üzrə istinad dərəcəsinin (bençmark) müəyyən olunması təmin edilməklə qiymətli kağızlar bazarının inkişafı daha da sürətləndiriləcək.
Cari və əvvəlki illərdə olduğu kimi növbəti ildə də dövlət istiqrazları üzrə keçiriləcək hərraclar barədə dövrü olaraq rüblük, habelə həyata keçirilən hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan dərhal sonra nazirliyin rəsmi saytında dərc olunacaq.
Qeyd edək ki, Bakı Fond Birjasının İdarə Heyətinin 18 oktyabr 2019-cu il tarixli qərarı ilə marketmeyker fəaliyyətinin predmeti olan qiymətli kağızların siyahısına, habelə marketmeyker fəaliyyəti üzrə alış kotirovkasının minimal həcmi dəyişdirilib. Bu dəyişikliyə əsasən 1-ci qrup qiymətli kağızlar üzrə alış kotirovkasının minimal həcmi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dövlət istiqrazları, Azərbaycan Respublikasının Mərkəzi Bankın notları, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatlarının buraxdığı qiymətli kağızlar) üzrə 300,000 (üç yüz min) manat müəyyənləşdilib.
Müəllif: Aynur Qəniyeva