Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroeksport" mərkəzi, Azərbaycanda ərzaq məhsullarının elektron ticarətinin 2029-cu ilədək 2,3 dəfə artacağını proqnozlaşdırır.
Fins.az xəbər verir ki, bu proqnozla Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi çıxış edib.
Məlumata görə, 2023-cü ildə Azərbaycanda ərzaq məhsullarının elektron ticarətinin dəyəri 76 milyon ABŞ dolları olub. Bu rəqəmin 2024-cü ildə 92,7 milyon ABŞ dolları, 2025-ci ildə 111,6 milyon ABŞ dolları, 2026-cı ildə 132,1 milyon ABŞ dolları, 2027-ci ildə 152,5 milyon ABŞ dolları və 2028-ci ildə isə 172,5 milyon ABŞ dolları olacağı gözlənilir.
“Azərbaycanın elektron ticarət sektoru hazırda aktiv inkişaf mərhələsindədir. Müxtəlif məlumatlara əsasən, ölkə əhalisinin 82%-dən 88%-ə qədəri internetdən istifadə edir. Eyni zamanda, Azərbaycanda kredit və debet kartları ilə həyata keçirilən əməliyyatların sayı artmaqdadır. Bir çox otel, restoran və mağaza nağdsız ödəniş üsullarını qəbul edir. Hökumət mobil və internet bankçılığın inkişafına, o cümlədən nağdsız ödənişlərin geniş yayılmasına fəal dəstək verir ki, bu da sektorda inkişafa təkan verir,” – mərkəzdən bildirilib.
Bununla yanaşı, mərkəz qeyd edir ki, Azərbaycanın elektron ticarət bazarında əsas problemlər zəif inkişaf etmiş telekommunikasiya infrastrukturu, əhalinin texnoloji savadlılığının aşağı səviyyəsi, bahalı istehlak avadanlıqları və yüksək rabitə tarifləri olaraq qalır.
“Azərbaycanda internetə qoşulma sürəti və əlçatanlığı baxımından qonşu ölkələrdən geri qalır. 2023-cü ildə ölkə əhalisinin yalnız 10%-i onlayn alış-veriş edib. Sektorda fəaliyyət göstərən bir çox şirkət məhsul və xidmətləri yalnız dəyəri tam ödəməklə təqdim edir,” – məlumatda vurğulanıb.
Bildirilib ki, Azərbaycanda sektoru inkişaf etdirmək və istehlakçıların nağdsız əməliyyatların təhlükəsizliyinə inamını artırmaq üçün əməliyyatların izlənilməsini asanlaşdıracaq və kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərən sektorun payını azaltmağa kömək edəcək effektiv qanunvericiliyə ehtiyac var.