BANK

04 Noyabr

“S&P” ortamüddətli perspektivdə Azərbaycanda bank risklərini qiymətləndirib

Fins.az - 2024-2026-cı illərdə Azərbaycanın bank sektorunun kapital gəlirliliyi (ROE) 2023-cü ildəki 17,7 %-ə və 2022-ci ildəki 16,2 %-ə qarşı 16 % təşkil edəcək.

Bu barədə "SP Global Ratings" beynəlxalq reytinq agentliyinin bank riskləri göstəricilərinə dair yenilənmiş hesabatında deyilir. Hesabatda 85 bank sistemi üzrə göstəricilər yenilənib.

Proqnozlara əsasən, Azərbaycan banklarının aktivlərinin gəlirliliyi (ROA) əvvəlki 2 ildəki 2,2 %-lə müqayisədə 3 il ərzində 2,1 % səviyyəsində gözlənilir.

Kreditlərin depozit portfelinə faiz nisbəti 2024-cü ildə 105,1 %, 2025-ci ildə 110,7 %, 2026-cı ildə 116,5 % səviyyəsində proqnozlaşdırılır. 2023-cü ildə bu göstərici 100,9 %, 2022-ci ildə isə 88,7 % olub.

İqtisadiyyat üçün kredit risklərinin qiymətləndirilməsi çərçivəsində SP 3 il ərzində bankların qeyri-işlək aktivlərinin vəziyyətini və kredit itkilərini də təhlil edib. Belə ki, Azərbaycan banklarında problemli kreditlərin payı 2024-cü ildə sektorun kredit portfelinin %-i, 2025-ci ildə 3,2 %-i, 2026-cı ildə isə 3,4 %-i səviyyəsində olacağı gözlənilir. 2023-cü ildə bu göstərici 2,6 %, 2022-ci ildə isə 3,6 % təşkil edib.

Proqnozlara görə, 2024-2026-cı illərdə bankların kredit itkiləri sektorun kredit portfelinin 1,2 %-ni təşkil edəcək. Bu göstərici 2023-cü ildə 1,1 %, 2022-ci ildə isə 1 % səviyyəsində olub.

Bundan başqa, 2024-cü ildə ev təsərrüfatlarının borcunun ÜDM-də çəkisinin 13,5 %, 2025-ci ildə 15,7 %, 2026-cı ildə isə 17,5 % olacağı proqnozlaşdırılır. 2022-ci ildə bu göstərici 8,4 %, 2023-cü ildə isə 11,4 % təşkil edib.

Bu il korporativ sektorun borcunun ÜDM-də payı 9,1 %, 2025-ci ildə 10,2 %, 2026-cı ildə isə 11 % səviyyəsində proqnozlaşdırılır. 2022-ci ildə bu rəqəm 6,6 % təşkil edib, 2023-cü ildə isə 8,1 %-ə yüksəlib.

2024-cü ildə özəl sektorun borcu ÜDM-də çəkisi 22,6 %, 2025-ci ildə 25,9 %, 2026-cı ildə isə 28,5 % səviyyəsində gözlənilir. Özəl sektorun borcu bu il 3,1 %, 2025-ci ildə 3,3 %, 2026-cı ildə isə 2,5 % artacaq.

2022-ci ildə bu göstərici 15,1 % (azalma 3,3 %) təşkil edib, 2023-cü ildə isə 19,5 %-ə yüksəlib (artım 4,4 %).

SP-nin proqnozlarına görə, inflyasiya nəzərə alınmaqla mənzil qiymətləri 2024-cü ildə 5,3 %, 2025-ci ildə 3,8 %, 2026-cı ildə isə 3,4 % artacaq. 2022-2023-cü illərdə isə müvafiq olaraq 5,3 % və 0,9 % azalma qeydə alınıb.