BANK

24 Sentyabr

ABB-nin divident gəlirliliyi 15%-i keçib

Son dövrlərdə ABB (Azərbaycan Beynəlxalq Bankı) səhmlərinə olan maraq diqqət çəkir. Üç ay ərzində 33 mindən çox investor 50 mindən çox sifariş yerləşdirərək bankın səhmlərinə abunə olub.

Fins.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın səhmlərinin emissiyasının nəticələri ilə bağlı brifinqdə deyib.

A.İbrahimov bildirib ki, bu dövr ərzində səhmdarların sayı 1,794-dən 35,105-ə yüksəlib. Bu, bankın investor bazasının əhəmiyyətli dərəcədə genişləndiyini göstərir:

"İlkin statistikalar ABB səhmdarlarının 71%-inin kişilər, 29%-inin isə qadınlar olduğunu nümayiş etdirir. Maraqlı bir fakt isə odur ki, səhmlərə abunə yazılışının 84%-i rəqəmsal platformalar vasitəsilə həyata keçirilib. Bu, müasir texnologiyaların bankçılıq sektorunda nə dərəcədə önəmli rol oynadığını bir daha sübut edir".

A.İbrahimovun sözlərinə görə, yeni səhmdarların 22%-i regionlardan gəlir və bu, bankın regional investorlarla əlaqələrinin inkişafı baxımından müsbət bir göstəricidir.

"Həmçinin, sifarişlərin 24%-i 30 yaşadək gənc investorlar tərəfindən verilib, bu da gənclərin maliyyə bazarlarına olan marağının artdığını göstərir.

1 sentyabr tarixində ABB 212 milyon manat xalis mənfəət əldə edib. Bu il bankın səhmdarlarının divident gəlirliliyi 15,1%-ə yüksəlib. Gələcək proqnozlar isə divident gəlirliliyinin 15%-dən yuxarı olacağını göstərir. Bu, investorlar üçün cəlbedici bir perspektiv təqdim edir.

Xarici investorların sayı da 48-ə çatıb ki, bu da bankın beynəlxalq investorlara olan cəlbediciliyini artırır. Hər bir ABB səhmdarı səsvermə hüququna malikdir və bankın rəhbərliyi səsvermə prosesini müasir alətlərlə tənzimləmək niyyətindədir".

A.İbrahimovun bildirdiyinə görə, 35 min səhmdarın hər biri öz səsini istifadə edə biləcək.

Fuad Mədətov
Fins.az