
Tibbi Rəqəmsal Əkiz Sistemi səhiyyədə yeni mərhələ yaradır
Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanmasını, emalını və standartlaşdırılmış şəkildə paylaşılmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platforma kimi təqdim edilib.
Fins.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimat mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, sistem çərçivəsində vətəndaşların sağlamlıq göstəriciləri, müalicə məlumatları, peyvənd və laborator analiz nəticələri, reseptlər və digər tibbi məlumatlar vahid strukturda toplanaraq səhiyyə müəssisələri arasında inteqrasiya olunmuş şəkildə mübadilə ediləcək.
Nazir qeyd edib ki, məlumatların vahid informasiya məkanında toplanması süni intellekt texnologiyalarından istifadə etməklə daha dərin analitik imkanlar yaradacaq, əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına və böhran situasiyalarında mərkəzləşdirilmiş idarəetməyə şərait yaradacaq.
Teymur Musayev bildirib ki, rəqəmsal hökumət mühitində tibbi məlumatların maliyyə və digər dövlət informasiya sistemləri ilə inteqrasiyası məlumatların bütövlüyünü təmin edən əsas istiqamətlərdən biridir.
Onun sözlərinə görə, növbəti tədris ilindən “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda yeni kursların keçirilməsi planlaşdırılır.
İlboyu davam edəcək təlim proqramları bütün tibb ixtisasları üzrə mütəxəssisləri əhatə edəcək və səhiyyə sisteminin rəqəmsal transformasiyasına dəstək verəcək.
Nazir həmçinin vurğulayıb ki, rəqəmsal transformasiya prosesində kibertəhlükəsizlik mühüm prioritetlərdən biridir.
Onun sözlərinə görə, fərdi tibbi məlumatların qorunması və məxfiliyin təmin olunması ictimai etimadın əsas şərtidir və rəqəmsal sistemlərin genişlənməsi ilə kibertəhlükəsizlik səhiyyə təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir.