
Ramazandan sonra sağlam qidalanma üçün tövsiyələr
Fins.az - Ramazan ayı boyunca fərqli qaydada qida və su qəbul edən orqanı əvvəlki rejimə zərər vermədən qaytarmaq üçün yüngül qidalanma ilə başlanmalıdır. Mərkəzi Neftçilər Xəstəxanasının həkim-terapevti Alidə İbrahimova bildirir ki, ilk günlərdə şorba, salat, buxarda bişmiş yeməklərə üstünlük verilməli və porsiyalar kiçildilməlidir.
Gün ərzində kifayət qədər su qəbul etmək, yeməkdən yarım saat əvvəl və yeməkdən bir saat sonra su içmək vacibdir. Qidalanma saatlarını tənzimləmək, aralıqlı oruc şəklində 2-3 dəfə qidalanmaq, yeməkləri gün ərzində bölərək qəbul etmək və birdən-birə çox yeməkdən qaçmaq tövsiyə olunur. Şirniyyat və ağır qidaları günorta saatlarında qəbul etmək, axşam və yatmazdan əvvəl isə miqdarını nəzarətdə saxlamaq lazımdır.
Həmçinin, yüngül fiziki aktivlik həzmi dəstəkləyir; mütəxəssis gündə ən az 35-40 dəqiqə açıq havada yeriməyi tövsiyə edir. Bu qaydalar sağlam keçid və sağlam bədən üçün önəmlidir.