WUF13-də Şuşanın bərpa və şəhərsalma prosesi təqdim olunub

WUF13-də Şuşanın bərpa və şəhərsalma prosesi təqdim olunub

SOSİUM
201

Şuşada indiyədək 27 tarixi və mədəni abidə bərpa olunub.

Fins.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən Bakıda keçirilən WUF13 çərçivəsində səsləndirilib.

A.Kərimov “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə çıxış edib.

Onun sözlərinə görə, Şuşada ümumilikdə 200-ə yaxın tarixi və mədəni abidə mövcuddur və onların böyük hissəsi işğal dövründə ciddi zərər görüb. Bərpa olunan abidələr sırasında 7 məscid, 6 bulaq, 7 mədəniyyət obyekti, Şuşa qalası, Xan qızı Natəvanın bağında yerləşən Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin məqbərə kompleksi və Xanlıq Muxtar karvansarası yer alır.

Aydın Kərimov qeyd edib ki, indiyədək ümumilikdə 27 abidənin bərpası tamamlanıb. Eyni zamanda 2026-cı ildə Şuşada 15 tarixi abidənin konservasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.

Məcburi köçkünlərin qayıdışı ilə bağlı da məlumat verən xüsusi nümayəndə bildirib ki, 2024-cü il mayın 10-dan etibarən Şuşaya 1 411 nəfər (377 ailə) köçürülüb.

Onun sözlərinə görə, 1-ci yaşayış massivində 450 mənzildən ibarət 23 çoxmənzilli bina artıq istifadəyə verilib. Hazırda isə Şuşada D3, D4 və D5 yaşayış kompleksləri üzrə tikinti işləri davam edir. D3 kompleksinə 17 bina, D4 kompleksinə 12 bina, D5 kompleksinə isə 14 bina daxildir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13-də Şuşanın bərpa və şəhərsalma prosesi təqdim olunub — Fins.az — Fins.az