Ötən il əmək qanunvericiliyinin pozulmasına görə 10,6 milyon manat cərimə tətbiq olunub

Ötən il əmək qanunvericiliyinin pozulmasına görə 10,6 milyon manat cərimə tətbiq olunub

SOSİUM
301

2025-ci il ərzində müxtəlif dövlət orqanlarından daxil olan materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 6,9 min halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Fins.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, törədilmiş inzibati xətalara görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək ümumilikdə 10,6 milyon manat məbləğində inzibati cərimə tətbiq olunub. Həmin cərimələrin 3,1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Eyni zamanda, hesabat ilində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərə cəlb edilməsi ilə bağlı 22 fakt üzrə müraciət daxil olub. Bu məlumatlar əsasında 8 hüquqi şəxs barəsində icraata başlanılıb və inzibati tənbeh tədbirinin tətbiqi üçün sənədlər məhkəmələrə göndərilib.

Xidmət tərəfindən 16 vəzifəli şəxs barəsində inzibati qərarlar qəbul edilərək 51,7 min manat məbləğində cərimə tətbiq edilib.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə əmək müqaviləsi bağlanmadan şəxslərin işə cəlb olunması ilə bağlı 732 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Bu hallara görə işəgötürənlər barəsində 3 milyon manat məbləğində inzibati cərimə tətbiq olunub.

Görülən tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi gecikdirilmiş 842,3 min manat vəsaitin ödənilməsi təmin edilib. Bu məbləğin 93,6 faizi əməkhaqqı, 1,7 faizi zərərə görə ödənc, 4,7 faizi isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Həmçinin hesabat dövründə əmək müqavilələrinə qanunsuz xitam verilmiş 89 nəfər əvvəlki işinə bərpa olunub. İşçilərin hüquqlarının bərpası ilə bağlı işəgötürənlərə 4629 icrası məcburi olan göstəriş verilib.

Bundan əlavə, 2025-ci ildə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi üzrə 2148 halda 2,2 milyon manat, 469.1-ci maddəsi üzrə isə 1911 halda 3 milyon manat məbləğində inzibati cərimə tətbiq olunub.

Hesabatda qeyd edilir ki, araşdırmalar zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı da aşkarlanıb və bu hallara görə 6 min manat məbləğində cərimə tətbiq olunub. Bundan başqa, 1 halda uşaqların onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək fəaliyyətə cəlb edilməsi faktı müəyyən edilib və 3,3 min manat inzibati cərimə verilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il əmək qanunvericiliyinin pozulmasına görə 10,6 milyon manat cərimə tətbiq olunub — Fins.az — Fins.az