
İnklüziv şəhərsalma fundamental prinsip olmalıdır — Elnarə Ənsari
Əlilliyi olan şəxslərin müstəqil həyat tərzi şəhər mühitinin həm fiziki, həm də informasiya baxımından əlçatanlığı ilə birbaşa bağlıdır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda “Əlilliyi olan şəxslərin müstəqil həyat mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən təşəbbüslər, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Ombudsman Aparatının dəstəyi ilə yüksək qiymətləndirilir.
E.Ənsarinin sözlərinə görə, əlilliyi olan şəxslər üçün müstəqil həyat evdən sərbəst çıxmaq, küçəni təhlükəsiz keçmək, ictimai nəqliyyatdan istifadə etmək və ictimai binalara maneəsiz daxil olmaq imkanı ilə başlayır.
O bildirib ki, yetərsiz şəhər əlçatanlığı əlilliyi olan şəxslərin sosial təcrid olunmasının əsas səbəblərindən biridir.
E.Ənsari qeyd edib ki, pandusların, əlçatan sanitar qovşaqlarının və digər zəruri infrastrukturun olmaması bu şəxslərin ictimai həyatda iştirakını məhdudlaşdırır və cəmiyyətin onların potensialından tam istifadə etməsinə mane olur.
Mərkəz direktoru vurğulayıb ki, inklüziv şəhərsalma hər hansı əlavə və ya ikinci dərəcəli məsələ deyil, əksinə, hər bir inkişaf layihəsinin başlanğıc mərhələsindən nəzərə alınmalı fundamental prinsipdir.
O əlavə edib ki, əlçatan infrastrukturun layihələndirilməsi ilkin mərhələdə həyata keçirildikdə həm daha səmərəli, həm də iqtisadi baxımdan daha əlverişli olur.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir.