İİTKM su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya üzrə monitorinqi yekunlaşdırıb

İİTKM su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya üzrə monitorinqi yekunlaşdırıb

SOSİUM
98

Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə ölkənin müxtəlif regionlarını əhatə edən səfərləri yekunlaşdırıb.

Monitorinq səfərləri çərçivəsində İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə Mərkəzin məsul əməkdaşları, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Ağsu, Göyçay, Yevlax, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Tərtər, Beyləqan, Sabirabad, Neftçala və Hacıqabul rayonlarında olublar.

Səfərlər zamanı su anbarları, magistral kanallar, nasos stansiyaları, drenaj sistemləri, su təmizləyici qurğular və sahilboyu ərazilərdə mövcud vəziyyət yerində qiymətləndirilib. Monitorinq çərçivəsində çay yataqlarında lillənmə, su itkiləri, sahilbərkitmə işlərinə ehtiyac, su buraxıcı qurğuların texniki vəziyyəti, nasos stansiyalarının fəaliyyəti, beton üzlüklərin aşınması, drenaj kollektorlarında mövcud çətinliklər, sel və daşqın riskləri, eləcə də kənd təsərrüfatı sahələrinin su təminatı ilə bağlı məsələlər araşdırılıb.

Aparılan qiymətləndirmələr nəticəsində bir sıra ərazilərdə infrastrukturun modernləşdirilməsi, sahilbərkitmə və bərpa işlərinin sürətləndirilməsi, su itkilərinin minimuma endirilməsi, su ehtiyatlarının daha səmərəli idarə olunması və ekoloji tarazlığın qorunması istiqamətində tədbirlərin əhəmiyyəti vurğulanıb. Xüsusilə, su anbarlarının faydalı həcminin artırılması, suvarma imkanlarının genişləndirilməsi və kəndlərin su təchizatının yaxşılaşdırılması ilə bağlı potensial imkanlar diqqət mərkəzində olub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, monitorinq səfərləri Milli Strategiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin yerində qiymətləndirilməsi, mövcud çağırışların müəyyən olunması və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Strategiya çərçivəsində su ehtiyatlarının idarə olunması, su itkilərinin azaldılması, infrastrukturun modernləşdirilməsi və müasir suvarma sistemlərinin tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli Sərəncamına əsasən, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İİTKM su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya üzrə monitorinqi yekunlaşdırıb — Fins.az — Fins.az