Dövlət məcburi köçkünlərin sosial müdafiəsinə son 6 ildə 1,65 milyard manat ayırıb - Vüqar Bayramov

Dövlət məcburi köçkünlərin sosial müdafiəsinə son 6 ildə 1,65 milyard manat ayırıb - Vüqar Bayramov

SOSİUM
225

Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən ümumilikdə 1 milyard 654 milyon manat vəsait ayrılıb.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Bayramov məlumat verib.

Deputatın sözlərinə görə, sözügedən istiqamət üzrə dövlət büdcəsindən 2021-ci ildə 354,4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat, 2023-cü ildə 353,9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat vəsait xərclənib. 2026-cı ildə də bu məqsədlə əlavə 280 milyon manatın ayrılması nəzərdə tutulur.

V.Bayramov bildirib ki, yalnız Dövlət Neft Fondu tərəfindən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və məskunlaşdırılması üçün ümumilikdə 2 milyard 702 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, bu göstərici Neft Fondunun büdcə transferlərindən kənar maliyyələşdirdiyi 13 istiqamət arasında ən böyük xərc maddəsi hesab olunur.

Deputat qeyd edib ki, sosial müdafiə tədbirləri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində də genişmiqyaslı maliyyələşmə həyata keçirilir. Belə ki, 2026-cı il üzrə öhdəliklər də nəzərə alınmaqla həmin ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılır.

V.Bayramov vurğulayıb ki, Vətən müharibəsindən sonrakı qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə 85 mindən çox vətəndaşın məskunlaşması, işləməsi və təhsil alması Azərbaycanın iqtisadi və institusional imkanlarının göstəricisidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət məcburi köçkünlərin sosial müdafiəsinə son 6 ildə 1,65 milyard manat ayırıb - Vüqar Bayramov — Fins.az — Fins.az