Bakıda tıxaclara qarşı yeni plan: iş saatları dəyişir? - Vüqar Bayramov

Bakıda tıxaclara qarşı yeni plan: iş saatları dəyişir? - Vüqar Bayramov

SOSİUM
88

Bakıda yaxın illərdə dəyişkən iş qrafikinin tətbiqi gündəmə gələ bilər. Bu modelin əsas məqsədi şəhərdə nəqliyyat sıxlığını azaltmaq və işə gediş-gəliş saatlarında yaranan pik yüklənməni balanslaşdırmaqdır.

Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üzrə Dövlət Proqramı” çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər sahələrdə iş rejiminin dəyişkən qrafik əsasında təşkili nəzərdə tutulur. Planlara əsasən, bu prosesin 2026-cı ildən etibarən mərhələli şəkildə həyata keçirilməsi gözlənilir.

Proqram çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın dövrdə tamamlanacağı bildirilir. Bundan sonra Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək siyahılara uyğun olaraq yeni iş rejimi tətbiq ediləcək.

Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı beynəlxalq təcrübəyə də diqqət çəkilir. Bir çox Avropa ölkələrində artıq tətbiq olunan bu model işə başlama saatlarının fərqləndirilməsi hesabına nəqliyyat axınını bölüşdürür və şəhər infrastrukturuna düşən təzyiqi azaldır.

Vüqar Bayramovun sözlərinə görə, bu yanaşma təkcə tıxacların azaldılmasına deyil, həm də ictimai nəqliyyatda yükün balanslaşdırılmasına və işçi məhsuldarlığının artırılmasına xidmət edir.

O qeyd edib ki, dəyişkən iş qrafiki nəqliyyat sıxlığını tam aradan qaldırmasa da, onun azaldılmasında mühüm rol oynaya bilər. Deputatın fikrincə, bu istiqamətdə nəticə əldə etmək üçün infrastruktur genişləndirilməsi ilə yanaşı, paralel təşkilati tədbirlər də vacibdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda tıxaclara qarşı yeni plan: iş saatları dəyişir? - Vüqar Bayramov — Fins.az — Fins.az