
Azərbaycanda şəhər-idman inteqrasiyası gücləndirilir - MOK
Fins.az - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərdə idmanın inteqrasiyası” mövzusunda çıxış edən Milli Olimpiya Komitəsinin Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov bildirib ki, Azərbaycanda şəhər məkanları idman vasitəsilə daha aktiv ictimai zonalara çevrilir.
Milli Olimpiya Komitəsi rəsmisi qeyd edib ki, bir çox şəhərlərdə kifayət qədər məkan və idman institutlarında təcrübə mövcud olsa da, əsas problem resurs çatışmazlığı deyil, mövcud imkanların effektiv koordinasiya olunmamasıdır.
Onun sözlərinə görə, bu əməkdaşlığın gücləndirilməsi üçün üç əsas istiqamət üzrə iş aparılır. Birinci istiqamət şəhər parkları, sahil zonaları və məktəb həyətlərinin yalnız passiv yaşıl ərazilər kimi deyil, aktiv idman və ictimai məkanlar kimi istifadəsini nəzərdə tutur. Bu mərhələdə şəhər planlaşdırıcıları ilə idman mütəxəssislərinin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
İkinci istiqamət bu məkanların real fəaliyyətlə aktivləşdirilməsidir. Burada Milli Olimpiya Komitələri və idman federasiyaları Olimpiya Günü tədbirləri, kütləvi yarışlar və açıq məşqlər vasitəsilə mühüm rol oynayır.
Üçüncü istiqamət isə özəl sektorun prosesə cəlb olunmasıdır. Şəhər infrastrukturu imkan yaradır, idman təşkilatları məzmun və fəaliyyət formalaşdırır, özəl sektor isə maliyyə və genişlənmə dəstəyi verir.
Bağırov qeyd edib ki, Azərbaycanda Olimpiya Günü və icma idman tədbirləri vasitəsilə ictimai məkanlardan geniş istifadə olunur və hər il minlərlə gənc bu təşəbbüslərə cəlb edilir. Eyni zamanda, Olimpiya Həmrəyliyi proqramları çərçivəsində gənc idmançıların və məşqçilərin inkişafına yönəlmiş layihələr həyata keçirilir.
O çıxışının sonunda vurğulayıb ki, şəhərlər və idman institutları birlikdə fəaliyyət göstərdikdə idman yalnız tədbir deyil, şəhər həyatının gündəlik bir hissəsinə çevrilir.